Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
VƏLİ İLYASOV: “Sərdar Mehdiyev həqiqəti yazdığına görə güllələnəcəkdi”

0


  •        


            Müsahibim 1991-1995-ci illərdə “Xocalının səsi” qəzetində məsul katib vəzifəsində çalışmış, qəzetin veteran əməkdaşı İlyasov Vəli Yusif oğludur. Nurani  insanla Bakı şəhərində görüşüm zamanı “Xocalının səsi” qəzetinin 1991-1995-ci illərdə fəaliyyətindən danışdıq.
            Əvvəlcə müsahibim haqqında qısa da olsa, məlumat vermək istəyirəm. Vəli İlyasov 1954-cü ilin may ayının 9-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. “Qızıl qələm” laureatı, KİV-nin təşkil etdiyi müsabiqələrdə dəfələrlə qalib olan, 11 kitab müəllifi, “Azərbaycan” və “Respublila” qəzetlərində uzun müddət işləmiş, iki ali təhsilli Vəli İlyasov hal-hazırda “İki sahil” qəzetinin əməkdaşıdır. 
            - Vəli bəy, “Xocalının səsi” qəzetində işə başlamağınız necə oldu?
            - 1981-ci ildən Tərtər rayonunda “Qızıl bayraq” qəzetində müxbir işləyirdim.1991-ci ilin yay ayları idi. Qəzetin ilk redaktoru əvvəllər “Qırmızı bayraq” (Zaqatala) qəzetinin məsul katibi (1958-1962), “Sürət” (Ağcəbədi) qəzetinin redaktoru (1962-1966), “Lenin yolu” (Ağdam) qəzetinin məsul katibi (1970-1989), “Qarabağ” qəzetinin məsul katibi (1989-1991) işləyən Sərdar Mehdiyev bizim redaksiyaya gəldi. Məlum oldu ki, “Xocalının səsi” qəzeti bir neçə aydır ki, yaradılmışdır. Bizim qəzetin redaktoru Təvəkkül Nəcəfov ilə görüşünün məqsədini bildirdi ki, bir nəfər əməkdaş “Xocalının səsi” qəzetinə məsul katib lazımdır. Redaksiyada 6 nəfər idik. Redaktorumuz təklif edəndə ki, kim “Xocalının səsi” qəzetinə məsul katib getmək istəyir, mən gedərəm dedim.
            - Digər işçilər nə üçün “Xocalının səsi” qəzetində işləməyə tərəddüd edirdilər?
            - Xocalı mühasirədə idi. Onlar düşünürdülər ki, qəzet bağlanar və işsiz qalarlar. Mən isə tərəddüd etmədən təklifi qəbul etdim. Xocalının müdafiəsində mən də öz borcumu qələmim ilə yerinə yetirmək istəyirdim. Bu mənada razılıq verdim. Redaktorumuz elə bizim binada “Xocalının səsi” qəzeti üçün bir otaq ayırdı.
            - Həmin vaxtlar qəzet harada nəşr edilirdi?
            - Bərdə nəşriyyatında çapa gedirdi.
            Təvəkkül müəllim dedi ki, “Xocalının səsi” qəzetinin çap edilməsi üçün pulsuz olaraq kağız da, işçi də verəcəyəm. O, qəzetin çapa getməsi üçün lazım olan bütün maddiyyatı və ləvazimatları öz üzərinə götürmüşdü.
            Sərdar müəllim Bakıda yaşayırdı. Hərdən Tərtərə gedib gəlirdi. Qəzetin materiallarının böyük hissəsini mən hazırlayırdım. Sərdar Mehdiyev, Qasım Qırxqızlı, Allahyar Xocalı, Səriyyə Müslümqızının və digərlərinin yazıları olurdu.
            1992-ci il mart ayının 19-da - Novruz bayramı günündə səhər iş yerinə getdim. Gördüm ki, Tərtərdə redaksiyanın binası darmadağın olub. İçəri girmək mümkün deyildi. Bütün divarlar uçmuşdu. Ermənilər “Qrad” raketi atmışdılar. Mərmi mənim oturduğum otağa düşmüşdü. Zərbə dalğası vurub o biri otaqları da uçurmuşdu.
            Redaksiya şəhərin mərkəzində idi. Qəzetin fəaliyyəti bir neçə gün dayandı. 
            Sərdar müəllimlə Gəncə nəşriyyatının sədri İlham İmamquliyevlə görüşdük.
            - İlham İmamquliyev yaxınlarda dünyasını dəyişmişdir.
            - Çox yaxşı insan idi, Allah rəhmət eləsin. İlham İmamquliyev bizi çox gözəl qarşıladı, dedi ki, sizə hər cür şərait yaradacağam. Qəzetinizi pulsuz çap edəcəyəm. Dediyi kimi də etdi. Nəşriyyatda çalışan Qurban Bayramovun özü də bizə çox köməklik göstərdi. Ondan sonra bizə Gəncənin İcra Hakimiyyətinin binasının 3-cü mərtəbəsində otaq verdilər. Həmin vaxt Qasım Qırxqızlı, Allahyar Xocalı ora gəlirdilər. Xocalı işğal edilmişdi.
            - “Xocalı soyqırımı ərəfəsində” redaksiyada hansı işlər gedirdi? Qəzetin səhifələrində faciənin təfərrüatları necə verilirdi?
            - Xocalıdan qəzetdə mütəmadi yazılar verirdik. Xocalıda soyqırım törədilən zaman Sərdar Mehdiyev Ağdamda idi. O, gəlib dedi ki, Xocalını qırıblar. Xocalıda yüzlərlə adamı ermənilər qətlə yetiriblər. Cari nömrədə təcili bu barədə yazmalıyıq. Bu rəhmətliyin sözləri idi. Biz də ertəsi günü həqiqəti yazdıq. Ölkəyə yazılı şəkildə ilk xəbər verənlərdən biri biz olmuşuq.
            Qəzet çıxandan sonra Sərdar müəllim qəzeti Ağdama aparmışdı. Sərdar Mehdiyev Ağdamda qəzetin bir nüsxəsini müdafiə naziri vəzifəsini müvəqqəti icra edən  nazirin 1-ci müavini, Baş Qərargah rəisi Şahin Musayevə göndərib, özü isə qapıda gözləyib. Şahin Musayev qəzeti oxuduqdan sonra redaktoru içəri çağırtdıraraq, qışqıra-qışqıra niyə yüzlərlə adam qırılıb yazmısan, orada cəmi 2 nəfər adam ölüb deyibdir. Silahına əl atıb kişini güllələmək istəyib. Yanındakılar mane olublar ki, jurnalist adamdır, yəqin belə deyiblər, belə də yazıbdır. Tapşırır ki, gedib səhvini düzəldərsən. Yaz ki, səhv yazmışıq, Xocalıda cəmi 2 nəfər adam ölübdür. Sonrakı günlərdə məlum oldu ki, bizim yazdıqlarımız düzdür. O, rəqəmləri gizlətmək istəyirmiş. Həqiqət isə tez bir zamanda məlum oldu. Qarabağdakı itkilərdə xüsusi “rolu” olan general Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçmışdır.
            Xocalı işğal olundan sonra xocalıların pənah apardığı yerlərdə hadisənin canlı şahidləri ilə görüşür, onların dilindən yazılar verirdik. Onda qəzetimiz həftədə iki dəfə, təxminən 3000-ə qədər tirajla çıxırdı.
            - “Xocalının səsi” ilə yollarınız necə oldu ki, ayrıldı?
            - Qeyd etdiyim kimi qəzet Gəncədə çap olunurdu. Həftədə iki dəfə Gəncəyə gedib gəlirdim. Redaksiyamız üçün  “Gəncənin səsi” qəzetində yer ayrılmışdı. Orada bizə canıyananlıq göstərən insanlar var idi. “Gəncənin səsi” qəzetinin redaktoru Sabir Hacıyev, şöbə müdiri Rəfiqə Sadıqova,  məsul katib Füzuli Ruzigar, müxbir İbrahim Məsimoğlu, “Novosti Gəncə” qəzetinin redaktoru Nüşabə Məmmədli bizə köməklik edirdilər. Biz onlardan qayğını çox hiss edirdik. Qəzetin nəşri üçün bütün köməklikləri göstərirdilər. Həm “Gəncənin səsi” qəzetinin əməkdaşları, həm də Gəncə nəşriyyatının sədri İlham İmamquliyev qəzetimizin nəşrini öz üzərlərinə götürmüşdülər.
    Sonradan işlər zəiflədi. Qəzetin çapı azaldı. Qəzetin işçilərindən də aralı düşdüm. Bəziləri ilə nadir hallarda görüşürdüm. Sərdar Mehdiyev rəhmətə gedəndən sonra isə əlaqə tamamilə kəsildi. İşgüzar insan olduğum üçün fəaliyyətimi başqa qəzetdə davam etdirməyi düşündüm. Məni Bakıda “Azərbaycan” qəzetində işə götürdülər.
            Mən harada işləsəm də “Xocalının səsi” qəzetini özümə çox doğma qəzet bilmişəm. Elə indi də doğma qəzet bilirəm. O, qəzetdə işləməyimlə fəxr edirəm. Ona görə ki, o bizim taleyüklü, yaralı qəzetimizdir. “Azərbaycan”, “Respublika” və digər qəzetlərdə öz ürəyimin səsi ilə mən həmişə Xocalıdan yazılar yazmışam. Xocalı soyqırımı barədə, Xocalını qoruyan mərd oğullar haqqında, faciə şahidlərindən, əsirlik həyatı yaşayanlardan aldığım müsahibələrdən çoxlu yazılar yazmışam. Hər il də yazıram.
            “Xocalının səsi” qəzetini sosial şəbəkələrdə görəndə çox sevindim. Çünki çoxdandır ki, “Xocalının səsi” qəzetinin səsini-sorağını eşitmirdim. Mən tərifi üzə deməyi xoşlamasam da, deməliyəm ki, qəzetin redaktorunun cavan oğlan olduğunu görəndə də çox sevindim. Sevindim ki, belə bacarıqlı bir redaktor qəzeti internet vasitəsilə çoxsaylı oxuculara çatdırır. “Xocalının səsi” qəzetinin saytının olması da qəzetdə gedən inkişafın başqa bir göstəricisidir. Qəzetin belə fəallaşması çox əhəmiyyətlidir. Son vaxtlarda sizin KİV-nin təşkil etdiyi müsabiqələrdə iştirakınız nəticə əldə etməyiniz “Xocalının səsi” qəzetinin adının daha çox çəkilməsinə, fərqlənməsinə səbəb olur. Bilinir ki, qəzet və onun redaktoru fəaldır. Sizin uğurlarınız çoxlarını sevindirir. Bu həm sizin kollektiviniz üçün yaxşıdır, həm də rayonun adı üçün yaxşıdır. Rayonun adı qaliblər sırasında çəkilir. O gün olsun “Xocalının səsi” qəzetində elə Xocalıda qələbədən yazaq.
            Xocalı bütün Azərbaycan xalqının yaralı yeridir. Odur ki, haqq səsimiz daha çox yayılmalı, eşidilməlidir.
            - “Xocalının səsi” qəzetinin veteran əməkdaşı və peşəkar jurnalist kimi qəzetimizə olan təklifləriniz, məsləhətləriniz nələr ola bilər?
            - Baxıb görürəm ki, redaktor özü tədbirli, savadlı cavan insandır. Qəzetçilikdən xəbərdardır. Qəzetə fəaliyyətində uğurlar arzulayıram. Arzu edirəm ki, qəzetin yaradıcı kollektivində güclü jurnalistlər çox olsun. Kollektiv güclü olsun. Ən böyük arzum da budur ki, “Xocalının səsi” qəzetinin səsi Xocalıdan gəlsin. İnşallah “Xocalının səsi” Xocalının alınmasından, abadlaşdırılmasından yazsın.
            Qəzetdə əvvəllər çalışan dünyasını dəyişmiş əməkdaşlara Allahdan rəhmət diləyirəm. Qalanlara isə uzun ömür, sağlam can arzulayıram.
            Qəzet çox ağır yollar keçib, çətinliklərlə çap üzü görübdür. Rayonların yollarında qalmışdıq...Şükürlər olsun ki, qəzet bu gün rahat yoldadır. “Xocalının səsi” qəzetindən nigarançılıq yoxdur, etibarlı əllərdədir.
            Təşəkkür edirəm. Mən də sizə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram.

    Müsahibəni apardı: Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib38 dəfə
    VƏLİ İLYASOV: “Sərdar Mehdiyev həqiqəti yazdığına görə güllələnəcəkdi”

    Maraqlı gələ bilər
    56
    59
    54
    57